Səhər işə yola düşərkən birdən işə zəng vurub
xəstələndiyimi işə gedə bilməyəcəyimi söylədim, ancaq evə geri qayıtmadım.
Maşını işə salıb sadəcə yola düşdüm. Bakının qızmar havası, bürkülü küləyi o qədər
yormuşdu ki, sadəcə yolun apardığı yerə getmək istəyirdim.
Bir neçə saat məqsədsiz yol getdikdən sonra
birdən əməkdar avtomobilin bortunda indiyə qədər varlğından xəbərim olmayan bir
işıq yandı, 10 illik yoldaşlığımız dövründə avtomobilim heç vaxt bu işığı mənə
göstərməmişdi. Yolda sağa-sola diqqət yetirməyə başladım, artıq bir müvəqqəti
dayanacağa ehtiyac olduğunu anlayıb, bir kənd yolu gördüm və o istiqamətə buruldum ,10-15 kilometr torpaq yolla getdikdən
sonra kiçik sayılmayacaq bir kəndə çatdım. Kənddə ilk diqqətimi çəkən bütün ağacların
balta ilə səliqəsiz kəsilməsi oldu. Ağacdan qalmış kötüklərin üstündə çoxlu
qoyun quzu peyini vardı və bu bütün kənd boyu belə mənzərə var idi. Kənddə hər
hansı bir elan, mağaza, usta istiqaməti göstərən elan lövhələri yox idi deyə kimsə rastıma
çıxar deyə kəndin ana yolu ilə 3-4 dövrə vurduqdan sonra bir uşaq gördüm, 10-12
yaşlarında idman kostyumu və ayaqqabı geyinmiş uşaq əlindəki çubuqla kəsilmiş
ağac kötükləri ilə oynayırdı, daha doğrusu onları təmizləməyə çalışırdı.
Uşaqdan kəndin avtomobil ustasının ünvanının
soruşmaq məqsədilə onun yanında dayandım və aramızda belə bir dialoq yarandı:
-Salam, atam yaxınlıqda böyüklərdən kimsə var
çağıra bilərsən? Söz soruşmaq istəyirəm.
- Salam, əmi böyük mən. Bizim kənddə böyüklər
mənim boyda olur, Sənə nə lazımırsa buyur soruş.
- Bəs onda səndən böyük olanlar necə olur?
- Onlar ağsaqqallardı, sən çəkinmə nə sualın
varsa soruş mən cavablandıracağam.
- Onda de görüm niyə kənddəki bütün ağacları
kimlər niyə kəsiblər?
- Ağsaqqallar kəsib, heyvanlar narahat olurdu
deyə.
- Necə yəni narahat olurdu?
- Qoyunlar gəlib ağacların altında dayanıb ,
başlarını yuxarı qaldırır, yarpaqlara baxa baxa mələyirdilər, ağsaqqallar
fikirləşdilər ki, günahdı, qoyunlar baxa-baxa qalır, axırda da bütün ağacları kəsdilər,
düzdü xeyri olmadı, qoyunlar indi də gəlib kötüklərə baxıb mələyirlər, hələ üstəlik
kötükləri peyinləyirlər.
- Yaxşı, sən mənə deyə bilərsən kəndin maşın
ustası var, hansı tərəfdədir?
- Var niyə yoxdu, bu küçənin axırındadı, 4
ara yoldan sonra, ancaq sən ora bura ilə getmə, burdan dön sola,4 ara yol keç, sonra
sağa dön. Yaxşı?
- Elə niyə?
- Çünki bura “protiv”di, bilirsən mən də çox böyüyəndə ağsaqqal olacağam, onda işarə də qoyacam bura.
Artıq qəribə bir kənddə olduğumu başa düşüb
uşaqla sağollaşdım. Dediyi kimi sola dönüb yola davam elədim. Yolda mənzil
başına çatmamış, kiçik kənd
meydanı kimi yer vardı, bir də kiçik bir kənd mağazası. Onun qarşısında dayanıb
su almaq üçün mağazaya daxil oldum.
Mağazadan bayırda heç bir elan olmamasına
baxmayaraq, divarda böyük hərflərlə “Səliqəli Market” yazılmışdı. İçəridə ahıl yaşlarında bir qadın müştəri və olduqca
səliqəli geyinmiş, üzü qırxılı, qalstuklu, eynəkli satıcıdan başqa heç kim yox
idi. Müştəri qadın israrla aldığı çörəyin mayasız olmasını istədiyini deyir,
satıcı isə çörəyin mayasız olduğunu söyləyirdi. Birdən qadın çörəyin kənarından
qoparıb ağzına atdı, sonra çeynəyə-çeynəyə “İndi deyirsən mən ağzımın dadın
bilmirəm ki, görmürəm bu çörək mayasız deyil, bəsdir camaatı aldatdın, səliqəli
şeytan” deyib çörəyi piştaxtanın üstünə atıb getdi. Satıcı deyinə-deyinə çörəyi
yenidən bağlamasına, digər çörəklərin arasına qoyub sual dolu nəzərlərlə
üzümə baxdı. Gərginlik dağılsın deyən gülümsəyərək söhbətə başladım:
- Axşamınız xeyir, nə əcəb kənddə mağazanı,
avtomobil ustasını göstərən elanlar yoxdu? Səhərdən axtara-axtara qalmışam.
- Elanları neynirik, deyirsən biz kəndin
adamları nə hardadı bilmirik ki?
- Kəndin qonaqları üçün deyirdim.
- Bizim kəndin elə qonağı olmur, gələn də
uzaqbaşı ustaya gələr, ona da elan lazım deyil. Nə lazım idi?
Söhbətin uzanmasını mənasız hesab edib, su
istədim. Elə bu vaxt bayaqkı uşaq qaçaraq mağazaya girdi, tərs-tərs mənə baxdı,
nəsə demək istədi,sonra satıcıya sual verdi: “ Sizdə tamada Vəlinin nömrəsi
yoxdur ki, Sabir əmi, qonşumuz Aylin nənə rəhmətə getdi, atam istəyir. Sabir
bayaqkı çörək bağlamasının kənarından biraz kağız cırdı, deyəsən nömrəni yazıb
uşağa verdi. Uşaq kağızı alıb qaçaraq bayıra çıxdı, sonra geri qayıdaraq mənə “Bura
usta deyil“ deyib qaçaraq çıxıb getdi. Mən dözməyib yenə soruşdum:
-
Yas məclisinə,
tamada? Deyəsən Sizin kənddə işlər biraz fərqlidi
-
Müvəqqəti çətinlikdi,
keçən ay Molla Nihat intihar elədi, hələlik Vəli özü məclisləri yola verir.
-
Necə yəni
intihar elədi?
-
Necə yəni yenə,
öldürdü də özünü , bir yas məclisində həyat çox mənasızdı deyib özünü boğdu.
-
Boğdu? Məclisdə?
-
Hə də, gedib
başını saldı bozbaş qazanına, aşbaz da gec ayılıb, elə bilib bozbaş yeməyə gəlib,
boğuldu öldü. İndi yas məclislərində elə bir problem yaşamasaq da, Vəli
toylarda biraz yadırğayır
-
Necə yadırğayır
ki?
-
Heç, hərdən
vağzalı sədası altında “Yasin” oxumağa başlayır bir də, camaatı pul salmağa
fatihə verib göndərir, başqa belə çətinliyimiz yoxdu,
-
Qəribədir.
-
Nəyi qəribədir,
Vəli burda olsa deyərdi əsrlərdi saç-saqqal kəsənlər camaatı sünnət edə bilir,
indi bir tamada mollalıq edə bilməz?
Verməyə cavab tapmadığımdan, sakitcə çıxıb ustaya tərəf yola düşdüm. Gəlib
deyilən evin qarşısına çatanda qarajın qapısının bağlı olduğunu görüb evin
qapısını döydüm. Evdən olduqca yaraşıqlı, 1.90 boylarında uzunsaç, döyməli
30-35 yaşında bir oğlan çıxdı, ondan soruşdurm:
-
Salam, usta
evdədir?
-
Salam,evdədir,
bu saatda başqa harda olacaq ki?
-
Zəhmət olmazsa
çağıra bilərsiz?
-
Yox.
-
Niyə?
-
Özüm özümü niyə
çağırım ki? Sizə usta niyə lazım idi?
Artıq kənd məni həm yormuşdu həm qəribə hiss edirdim, qısaca
problem,işığı izah elədim, usta bir daha soruşdu, bir də izah elədim. Usta əvvəlcə
maşına keçib özü işə saldı, möhkəm qaz verdi, sonra məndən soruşdu:
-Bu maşın dişidir yoxsa
erkək?
-NƏƏƏ?
-Deyirəm ki maşın
dişidir ya erkək?
Artıq buna təəcüblənmirdim və verməyə cavabım yox idi. Usta maşını sürüb
gətirəciyini və düzələyini deyib getdi, ətrafda 3-4 dövrə vurduqdan sonra gəlib
dayandırdı, düşüb dedi:
- Hazırdı.
- Necə?
- Artıq düzəldi, gedə bilərsiniz.
Borcumu soruşub ustaya haqqını ödəyib
sağollaşdım, yola düşərkən usta mənim arxamca gəlib pəncərədən qısaca dedi:
“Ciddi bir şey deyildi, maşınınız dişidir. Yeri gəlmişkən, bizim kəndin ətrafından
keçəndə hərdən o işıqlar yanır. Yaxşı yol.” Sonra sakitcə gedib evinə girdi.
Donub qalmışdım, astaca yola düşdüm. Hara gedəcəyimi
hələ də bilmirdim, düzü bu kənddən heç getmək də istəmirdim. Kəndin çıxışında kəndin
adı yazılmış lövhəni bir də gördüm. DAHİLƏR kəndi yazılmışdı.
O kəndə bir daha gələcəyimə əmin idim. Bəs
siz necə “Dahilər kəndi”nə getməyi heç düşünmüsünüzmü?