четверг, 15 декабря 2022 г.

ahilər

 

    

Səhər işə yola düşərkən birdən işə zəng vurub xəstələndiyimi işə gedə bilməyəcəyimi söylədim, ancaq evə geri qayıtmadım. Maşını işə salıb sadəcə yola düşdüm. Bakının qızmar havası, bürkülü küləyi o qədər yormuşdu ki, sadəcə yolun apardığı yerə getmək istəyirdim.

Bir neçə saat məqsədsiz yol getdikdən sonra birdən əməkdar avtomobilin bortunda indiyə qədər varlğından xəbərim olmayan bir işıq yandı, 10 illik yoldaşlığımız dövründə avtomobilim heç vaxt bu işığı mənə göstərməmişdi. Yolda sağa-sola diqqət yetirməyə başladım, artıq bir müvəqqəti dayanacağa ehtiyac olduğunu anlayıb, bir kənd yolu gördüm və o istiqamətə  buruldum ,10-15 kilometr torpaq yolla getdikdən sonra kiçik sayılmayacaq bir kəndə çatdım. Kənddə ilk diqqətimi çəkən bütün ağacların balta ilə səliqəsiz kəsilməsi oldu. Ağacdan qalmış kötüklərin üstündə çoxlu qoyun quzu peyini vardı və bu bütün kənd boyu belə mənzərə var idi. Kənddə hər hansı bir elan, mağaza, usta istiqaməti göstərən  elan lövhələri yox idi deyə kimsə rastıma çıxar deyə kəndin ana yolu ilə 3-4 dövrə vurduqdan sonra bir uşaq gördüm, 10-12 yaşlarında idman kostyumu və ayaqqabı geyinmiş uşaq əlindəki çubuqla kəsilmiş ağac kötükləri ilə oynayırdı, daha doğrusu onları təmizləməyə çalışırdı.

Uşaqdan kəndin avtomobil ustasının ünvanının soruşmaq məqsədilə onun yanında dayandım və aramızda belə bir dialoq yarandı:

-Salam, atam yaxınlıqda böyüklərdən kimsə var çağıra bilərsən? Söz soruşmaq istəyirəm.

- Salam, əmi böyük mən. Bizim kənddə böyüklər mənim boyda olur, Sənə nə lazımırsa buyur soruş.

- Bəs onda səndən böyük olanlar necə olur?

- Onlar ağsaqqallardı, sən çəkinmə nə sualın varsa soruş mən cavablandıracağam.

- Onda de görüm niyə kənddəki bütün ağacları kimlər  niyə kəsiblər?

- Ağsaqqallar kəsib, heyvanlar narahat olurdu deyə.

- Necə yəni narahat olurdu?

- Qoyunlar gəlib ağacların altında dayanıb , başlarını yuxarı qaldırır, yarpaqlara baxa baxa mələyirdilər, ağsaqqallar fikirləşdilər ki, günahdı, qoyunlar baxa-baxa qalır, axırda da bütün ağacları kəsdilər, düzdü xeyri olmadı, qoyunlar indi də gəlib kötüklərə baxıb mələyirlər, hələ üstəlik kötükləri peyinləyirlər.

- Yaxşı, sən mənə deyə bilərsən kəndin maşın ustası var, hansı tərəfdədir?

- Var niyə yoxdu, bu küçənin axırındadı, 4 ara yoldan sonra, ancaq sən ora bura ilə getmə, burdan dön sola,4 ara yol keç, sonra sağa dön. Yaxşı?

- Elə niyə?

- Çünki bura “protiv”di, bilirsən mən də çox böyüyəndə ağsaqqal olacağam, onda işarə də qoyacam bura.

Artıq qəribə bir kənddə olduğumu başa düşüb uşaqla sağollaşdım. Dediyi kimi sola dönüb yola davam elədim. Yolda mənzil başına çatmamış, kiçik kənd meydanı kimi yer vardı, bir də kiçik bir kənd mağazası. Onun qarşısında dayanıb su almaq üçün  mağazaya daxil oldum.

Mağazadan bayırda heç bir elan olmamasına baxmayaraq, divarda böyük hərflərlə “Səliqəli Market” yazılmışdı. İçəridə  ahıl yaşlarında bir qadın müştəri və olduqca səliqəli geyinmiş, üzü qırxılı, qalstuklu, eynəkli satıcıdan başqa heç kim yox idi. Müştəri qadın israrla aldığı çörəyin mayasız olmasını istədiyini deyir, satıcı isə çörəyin mayasız olduğunu söyləyirdi. Birdən qadın çörəyin kənarından qoparıb ağzına atdı, sonra çeynəyə-çeynəyə “İndi deyirsən mən ağzımın dadın bilmirəm ki, görmürəm bu çörək mayasız deyil, bəsdir camaatı aldatdın, səliqəli şeytan” deyib çörəyi piştaxtanın üstünə atıb getdi. Satıcı deyinə-deyinə çörəyi yenidən bağlamasına, digər çörəklərin arasına qoyub sual dolu nəzərlərlə üzümə baxdı. Gərginlik dağılsın deyən gülümsəyərək söhbətə başladım:

- Axşamınız xeyir, nə əcəb kənddə mağazanı, avtomobil ustasını göstərən elanlar yoxdu? Səhərdən axtara-axtara qalmışam.

- Elanları neynirik, deyirsən biz kəndin adamları nə hardadı bilmirik ki?

- Kəndin qonaqları üçün deyirdim.

- Bizim kəndin elə qonağı olmur, gələn də uzaqbaşı ustaya gələr, ona da elan lazım deyil. Nə lazım idi?

Söhbətin uzanmasını mənasız hesab edib, su istədim. Elə bu vaxt bayaqkı uşaq qaçaraq mağazaya girdi, tərs-tərs mənə baxdı, nəsə demək istədi,sonra satıcıya sual verdi: “ Sizdə tamada Vəlinin nömrəsi yoxdur ki, Sabir əmi, qonşumuz Aylin nənə rəhmətə getdi, atam istəyir. Sabir bayaqkı çörək bağlamasının kənarından biraz kağız cırdı, deyəsən nömrəni yazıb uşağa verdi. Uşaq kağızı alıb qaçaraq bayıra çıxdı, sonra geri qayıdaraq mənə “Bura usta deyil“ deyib qaçaraq çıxıb getdi. Mən dözməyib yenə soruşdum:

-       Yas məclisinə, tamada? Deyəsən Sizin kənddə işlər biraz fərqlidi

-       Müvəqqəti çətinlikdi, keçən ay Molla Nihat intihar elədi, hələlik Vəli özü məclisləri yola verir.

-       Necə yəni intihar elədi?

-       Necə yəni yenə, öldürdü də özünü , bir yas məclisində həyat çox mənasızdı deyib özünü boğdu.

-       Boğdu? Məclisdə?

-       Hə də, gedib başını saldı bozbaş qazanına, aşbaz da gec ayılıb, elə bilib bozbaş yeməyə gəlib, boğuldu öldü. İndi yas məclislərində elə bir problem yaşamasaq da, Vəli toylarda biraz yadırğayır

-       Necə yadırğayır ki?

-       Heç, hərdən vağzalı sədası altında “Yasin” oxumağa başlayır bir də, camaatı pul salmağa fatihə verib göndərir, başqa belə çətinliyimiz yoxdu,

-       Qəribədir.

-       Nəyi qəribədir, Vəli burda olsa deyərdi əsrlərdi saç-saqqal kəsənlər camaatı sünnət edə bilir, indi bir tamada mollalıq edə bilməz?

Verməyə cavab tapmadığımdan, sakitcə çıxıb ustaya tərəf yola düşdüm. Gəlib deyilən evin qarşısına çatanda qarajın qapısının bağlı olduğunu görüb evin qapısını döydüm. Evdən olduqca yaraşıqlı, 1.90 boylarında uzunsaç, döyməli 30-35 yaşında bir oğlan çıxdı, ondan soruşdurm:

-       Salam, usta evdədir?

-       Salam,evdədir, bu saatda başqa harda olacaq ki?

-       Zəhmət olmazsa çağıra bilərsiz?

-       Yox.

-       Niyə?

-       Özüm özümü niyə çağırım ki? Sizə usta niyə lazım idi?

Artıq kənd məni həm yormuşdu həm qəribə hiss edirdim, qısaca problem,işığı izah elədim, usta bir daha soruşdu, bir də izah elədim. Usta əvvəlcə maşına keçib özü işə saldı, möhkəm qaz verdi, sonra məndən soruşdu:

            -Bu maşın dişidir yoxsa erkək?

            -NƏƏƏ?

            -Deyirəm ki maşın dişidir ya erkək?

Artıq buna təəcüblənmirdim və verməyə cavabım yox idi. Usta maşını sürüb gətirəciyini və düzələyini deyib getdi, ətrafda 3-4 dövrə vurduqdan sonra gəlib dayandırdı, düşüb dedi:

- Hazırdı.

- Necə?

- Artıq düzəldi, gedə bilərsiniz.

Borcumu soruşub ustaya haqqını ödəyib sağollaşdım, yola düşərkən usta mənim arxamca gəlib pəncərədən qısaca dedi: “Ciddi bir şey deyildi, maşınınız dişidir. Yeri gəlmişkən, bizim kəndin ətrafından keçəndə hərdən o işıqlar yanır. Yaxşı yol.” Sonra sakitcə gedib evinə girdi.

Donub qalmışdım, astaca yola düşdüm. Hara gedəcəyimi hələ də bilmirdim, düzü bu kənddən heç getmək də istəmirdim. Kəndin çıxışında kəndin adı yazılmış lövhəni bir də gördüm. DAHİLƏR kəndi yazılmışdı.

O kəndə bir daha gələcəyimə əmin idim. Bəs siz necə “Dahilər kəndi”nə getməyi heç düşünmüsünüzmü?

 

 


среда, 7 декабря 2022 г.

Dialoq

 

 

Təsəvvür edin ki, bir qəbristanlığın uzaq bir küncündə, yenicə böyüməyə başlayan ağacın nazik, zəif gövdəsinə söykənib 20-30 metr uzaqda onun dəfnini izləyirsiniz. Bakının yayına, isti küləyə, ağacın gizlədə bilməyən kölgəsinə və bürkülü havaya baxmayaraq siz bütün bunları hiss etmirsiniz. Orda onu dəfnn etdilər, insanlar növbə ilə torpaq atır, mərhum haqqında öz xatirələrini bölüşür. Hamı onun necə yaxşı insan olmasından, hamı ilə necə mehriban və qayğılı davranmasından, yaxşı əməllərindən danışır, Siz isə eşidirsiz amma qavramırsınız, çünki artıq danışılan xatirələrin bir mənası yoxdur.

Onsuz da o xatirələrin sahibləri də yalan danışırlar, bir insan artıq ölüb deyə, heç kəs gerçəkləri gizlətməli deyil. Onun həyatda olduğu müddət ərzində eşitməli olduğu çox gerçəklər vardı, onun nə qədər şərəfsiz, eqoist və oğraş olduğunu onun üzünə vurmalı olan insanlar indi onun oğluna görə bu xatirələrlə varlığı dünyaya artıq olmuş biri ilə vidalaşırlar.

Mən də demək istərdim amma, mənim isə o tipli söhbətlərə yox, məhz dialoqa ehtiyacım var, ondan soruşacaq o qədər suallarım var idi ki...Cavab verə bilməyəciyini bildiyim suallar...Niyə bu həyatı belə yaşadığını, gecələr necə yatdığını ondan soruşmaq istərdim

Soruşa bilmirəm, odur ki mənası yoxdur, başınızı qaldırın və ətrafınıza baxın. Ətrafımız onsuz da doludur ölmüş amma hələ də gəzən və sadəcə nəfəs alan cəsədlərlə... Onlarla dialoqlarınızı saxlamayın, dialoqların mənasız xatirələrlə ilə əvəz edilməsinə imkan verməyin. Bəlkə bəzi bu yeriyən ölülərdən bəzilərini həyata qaytarmaq mümkün oldu?

Bəlkə...

понедельник, 5 декабря 2022 г.

Ümid öldürür

 

Bir məsəl var: Həyat bizi öyrədir, bizi sınayır deyə, mənasız sözdür. Həyat dediyimiz əslində özümüzük, bizim hərəkətlərimiz, verdiyimiz qərarlar və bizim kimliyimizdir. Ona görə də həyatlarımız bu qədər fərqli görünür, sadəcə bizim etdiklərimizin fonunda ortaya çıxan mənzərə ürəyimizcə olmur, bizi məmnun etmir deyə ona “bu bizik” demək istəmirik, sadəcə həyat deyirik. Sizcə də nə qədər asandır deyilmi? Belə demək, gizlənmək və qaçmaq...

Bir də həyatda etmədiklərimiz, edə bilmədiklərimiz və etmək istəmədiklərimiz üçün bir ifadə düşünmüşük: Mükəmməlçilik!!! Əslində insanların mükəmməlçiliyə ehtiyacı yoxdur, insanın özü olmağa və əsla bir yerdə dayanmamağa ehtiyacı vardır. Bu söz altında əslində biz özümüzün bacarmadığımızı qəbul etmir və guya sadəcə daha yaxşısını edəcəkmişik anlayışı ilə sadəcə olduğumuz yerdə və heç nə etmədən ümid edirik. Bunu dəyişmək mümkündür əslində. İlk öncə özümüzə sual verməliyik: Biz nə etmək istəyirik?

Mən yazmaq istəyirəm, yazdıqca bütün başımdakı bulanıqlıq dağılır, özümü, fikirlərimi cümlələrdə ifadə edirəm, olmaq istədiyim adamı xatırlayıram. Artıq uzun müddətdir ki, qulaqlarımda Teomanın səsi ilə, axıb gələn cümlələrimi bir yerlərə yaza bilmirdim, çünki olmaq istədiyim adamı yadımdan çıxartmışdım. Bu gün olduğum adamın əslində mən olmadığımı qəbul etməklə ,olacağım adamı xatırlayıram və bu prosesə yenidən yazmaqla başlayıram. Daha sonra yenidən xəyal qurmağı xatırlayacağam ...

Unutmayın, deyirlər “ümid yaşadır”, razı deyiləm, realllaşdıracağımız xəyallar yaşadır bəlkə, əslində isə içiboş ümid süründürür, daha sonra isə yavaş yavaş öldürür.

воскресенье, 24 мая 2020 г.

Alternativ karantin (I hissə)

2021-ci ilin may ayı, artıq 1 ildən çoxdur ki, dünya bir virusun əlində oyuncağa çevilib.Bura Sovetskidir, köhnə sovetski, daha doğrusu Sovetksidən geriyə qalan  2-3 küçədən birində yerləşən kiçik ümumi həyət, yadından çıxıb hamının bura, hər tərəfi sökəndə buralar heç yadlarına düşmədi, ən axırıncı heç kəsin girmək istəmədiyi dalanın sonundakı həyətdir bura, içində də 4 ev var, 2-si birinci mərtəbədə,2-si ikinci, 3 ailə yaşayır burda , birinci Əlif kişi ilə qarısı Gülsüm xala, 2 oğulları vardı, Qarabağ müharibəsində qaldılar, hər ikisinin yaşı yetmişdən çoxdur, ikinci Daşdəmirgildi, o da öz arvadı Nisə ilə ikisi yaşayır, Daşdəmir ara mollasıdı, cümə axşamlarında, qara bayramlarda gedib yasin oxuyur, mərasim evlərinə buraxmırlar onu, deyir tanış lazımdı, Nisə də evdar qadındı, söz soruşmazsan cavab verməz, bir də qızları vardı Təhminə, 10 ildən çoxdur  ölkədən köçüb gedib, hardadı nə edir, heç xəbərimiz yoxdur, üçüncü evdə Mayıl kişi yaşayır , yaşını özü də bilmir, o danışanda adama elə gəlir ki, Mayıl kişi Bakıdan da böyükdür yaşda, əsla etdiyi söhbətləri təkrar etməz , keçmiş SSRİ-ni qarış qarış gəzib, dəfə ailə qurub, 10-dan çox uşağı olub,indi tənha yaşayır,hər dəfə 1 əsrə çatmaqda olan ömründə gördüklərinmaraqlı hekayələr danışar və ümumi həyətimizdə dördüncü evin sakini mənəm, Bəykişi, 64 yaşım var, əslində 1955-ci ilin may ayının 1-ə doğulsam da 1 il sonra sənəd alıblar, o da may 31-i, bu səhlənkarlıq 65  il sonra nələrə yol açdı ondan danışacağam. Bizim bu qonşuluq bu virus məsələsi çıxandan bizi lap yaxınlaşdırdı, olduq 1 ailə, ailəmizin başçısı Mayıl kişi, anası da Gülsüm xala , mənə də bu ailədə sonbeşik olmaq düşdü. Məlum olduğu kimi virus yayılandan 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan olduğundan, bu böyük ailədən küçədəki hər bir işi mən həll etməli olmuşam, son beşiklik bununla da bitmədi, dövlət başılarımız 65 yaşdan yuxarı hər vətəndaşa əlavə təqaüd təyin etsələr də, mən bu haqqdan məhrum oldum , bununla bərabər anbarında gözətçi işlədiyim şirkət da bağlandı, qaldım işsiz, odur ki bu böyük ailənin gəliri olmayanı mən tamamilə sonbeşiyə çevrildim.Evdən çıxan 65 yaşdan yuxarı şəxslərin təqaüdü tamamilə kəsildiyi üçün, bu qadağanı pozan da olmurdu.
Bu gün may ayının 8-idir, Əlif kişi ilə Gülsüm xalanın oğlanlarının ölüm günü, əslində uşaqlardan birinin cəsədi tapılmışdı, digəri düz 29 ildir ki, itkin sayılır, hər il Əlif kişi balaca həyətciyimizdə bu səbəbdən yığıncaq edər, həm  8 may üçün heyfsləndiyini göstərər, həm də övladlarını anar. Ona görə yenə mən gedib mağazadan ayın-oyun almalıyam,hazırlaşıb mağazaya gedəndə gördüm ki, Əlif kişi qapının yanında Daşdəmirin cibinə bir yaşıl 20-lik basdı uşaqların ruhuna yasin oxusun, Daşdəmir də həmişəki kimi yalandan etiraz edib evə girdi.
Mən yenicə evdən çıxıb yola düzəlirdim ki, Daşdəmir özünü yetirib cibimə 20-lik basıb dedi: “-Al, buna yaxşı “rasiyiski araq al, litrlik olsun, axşam məclisdən sonra bizə gələrsən”.

Ardı var...

четверг, 16 января 2020 г.

Müvəqqəti narahatçılıqlar.

    Adi bir Bakı günü, insanlar hamısı harasa tələsirmiş kimi astaca harasa gedirlər, küçələrdə həmişəkindən daha çox insan var. Bu qarışıqlıqda bir kişi xüsusi seçilir, 40-45 yaşlarında,sadə geyimli, əlində papağı, gödəkçəsinin önü açıq,təngnəfəs qaçır. İlk öncə yolda bir neçə nəfərə toxundu, geriyə baxmadan keçdi, insanların ardınca deyindiklərini, söydüklərini eşitdi. Bir an dayanıb cavab vermək istədi, sonra sürətin daha da artırdı, bir neçə qapını açmaq istədi, qapılar bağlı idi deyəsən. Yolu üstündə kafe vardı, ora girmək istədi,qapıda dayanan işçi nə dedisə yönü dəyişib yolu keçmək istədi, yolu keçərkən piyada keçidində "selfie" çəkən 3 yeniyetmə qızın telefonunu vurub əllərində saldı, ancaq elə eyni sürətlə də parka daxil oldu. Parkda onu fosforlu, açıq yaşıl rəngdə jilet geyinmiş,75-80 yaşlarında maksimum 50 kq olan, üzü tamamilə bağlanmış,bircə gözləri bir süpürgəçi xala qarşıladı,xaladan nəsə soruşdu, o da öz növbəsində bir istiqaməti göstərdi.
    Qəhrəmanımız nəhayət axtardığını tapmışdı deyəsən, göstərilən istiqamətdəki bir tikilinin qapısına gəldi, tikilinin adı deputatlığa namizədlər üçün nəzərdə göy lövhədən görünmürdü, oranı tapmağın verdiyi rahatlıqla, lövhəyə bir nəzər salıb, tikilinin qapısına tərəf getdi..
     Qapınının üstündə butalı-bəzəkli yapışdırılmış kağızda yazılmışdı: "Müvəqqəti olaraq işləmir". Bunu görən adam əvvəlkindən daha sürətlə qaçmağa başladı, bəlkə  irəlidə bir tualet daha vardı...